Məktublar və aforizmlər

Məktub 35 — 7 may 1885, Vyana

Vyana,

cümə axşamı

Mənim əziz şahzadəciyim!

Bu gün sənin hədiyyələrini aldım. Onlar məni ürəkdən sevindirdi. Portfel əlyazmalarım üçün mənə tamamilə lazımdır, reseptlər üçün dəftərçə isə sadəcə məftunedicidir. Amma elə hesab edirəm ki, onu mənə gündəlik istifadə üçün göndərməmisən. O bunun üçün çox gözəldir.

Göndərdiyin keks olduqca dadlıdır. Keksin bu qədər dadlı ola bilməsi sadəcə inanılmazdır.

Sənin bəxş etdiyin incəlik əhval-ruhiyyəmi qaldırdı və çoxlu fikirlər doğurdu. Onları belə yekunlaşdırmaq olar: evliliyə hazırlıq heç vaxt tamamlanmış hesab edilə bilməyən işə bənzəyir.

Öz tərəfimdən 17 dekabr 1886-cı ilin əzabverici gözləməsini kəsməyin vaxtının çatdığına qərar verdim. Biz ər və arvad olmalıyıq, belə davam edə bilməz. Bir-birimizə dözümlü olaq. İlk günlərdə sənin pulunla yaşayardıq. Məninkilər, ehtimal ki, hamısı toya xərclənəcək.

Bu təklifi ciddi fikirləşdim. Onun həyata keçirilməsi yalnız bir adamdan asılıdır — səndən, Martacan.

Bu gün evdə idim və cəsarətli addım atdım — dərzi Tişerə getdim və ona mənə çox lazım olan iki kostyum sifariş etdim. Haqlı olub-olmadığımdan əmin deyiləm.

Yenə də ümid edirəm ki, sən məni açıq qucaqlarla qarşılayacaqsan.

Gecən xeyrə qalsın, əziz xəzinəm. Artıq gecə saat ikinin yarısıdır. Bir gün daha əbədiyyətə qərq oldu, sabah yenə iş.

Çiçəkləri Minnaya çatdır.

Ehtimal ki, sabah məktubunu alacağam, sevgilim.

Sənin Ziqmundun.