Məktublar və aforizmlər

Məktub 13 — 9 sentyabr 1883, Vyana

Vyana,

bazar günü,

günortadan sonra saat 3

Mənim sevgilim!

Hər halda, bir daha mənə demə ki, soyuqsan və hisslərini ifadə etmək üçün düzgün sözlər tapmırsan. Məni nədəsə qınayanda belə, bunu o qədər möcüzəli incəliklə edirsən ki, mən yalnız uzun bir öpüşlə və ürəkdən qucaqlamaqla cavab verə bilərdim, başqa şəkildə yox. Ümid edirəm, bir vaxt bu bizim üçün xoş «xatirə» olacaq və o zaman sənə danışacağam ki, sənsiz necə darıxmış və əzab çəkmişəm. O qədər güclü əzab çəkmişəm ki, hətta indi də tam inana bilmirəm ki, sən həmişə mənim yanımda olacaqsan. İndi bunu çox düşünməyə hüququm yoxdur, əks halda hazırkı ağır vəziyyətimə dözə bilməmişdən əvvəl səbrim tükənəcək.

Marta, suallarına cavab olaraq yenə də qeyd etməyə icazə ver ki, sənin düşündüyün qədər güclü adam deyiləm. Əzizim, səndən məktub gəlmədiyi günlərdə özümü pis hiss edirəm. Qısa müddətli qeyri-fəaliyyət mənə xeyir verər və xoş həzz bəxş edər. Hətta kurortdan heç nə alınmasa da, yenə kədərlənməyəcəyəm. Artıq bildiyin kimi, Kaşauda istirahətdən heç nə alınmadı. Ancaq mən yalnız həzzlərin arxasınca gedən tənbəl olmaq istəmirəm. Sən, mütləq, deyəcəksən ki, birgə həyatımız üçün zəhmətsevərlik və həyatdan sevinmək bacarığı ehtiyatı toplamaq lazımdır. Mənə həmişə elə gəlirdi ki, istənilən məqsədə çatmaq üçün qısa və uzun yol var. Mən uzun yolla getməyə məcburam, hər halda məqsədə çatacağıma inamla dolu olaraq. Bu halda da məhz bu baş verir.

Sənin bu qədər iddialı olmağın, mənim əziz balam, həqiqətən, çox cəlbedicidir. Ancaq elmdə inadlı, uzunsürən əmək, axtarışlar və elmi kəşflərin xoşbəxt anları olmadan təsəvvür edilməyən məmnunluğu axtarmasaydım, mən özüm olmazdım. Mən heç vaxt sahildə qayalara həkk olunmuş baş hərflərinin dəniz dalğası tərəfindən mütləq yuyulacağına sakitcə dözə bilməyən adamlardan olmamışam.

Xəzinəm, təsəvvür edə bilmirəm, əgər səni tapmasaydım, indi kim olardım: şöhrətpərəstliksiz, dünyanın bir çox sevinclərindən və həyatı bəzəyən həzzlərdən məhrum, sənin bənzərsiz cazibən olmadan — məhdud mənəvi ehtiyacları olan və büsbütün maddi vəsaiti olmayan. Üstəlik, bu cüzi vəsaiti bir bədbəxt, yaxud məhkum kimi qoruyub saxlayardım. Sən mənə təkcə məqsəd və istiqamət yox, o qədər çox xoşbəxtlik verirsən ki, artıq kasıb bu günümlə kifayətlənə bilmirəm.

Sən mənə ümid və uğura inam verirsən. Bunu sən hələ məni sevmədiyin vaxt da başa düşürdüm, indi, məni sevdiyin zaman isə daha yaxşı bilirəm. Sənin sayəndə özünə inamlı, cəsur kişiyə çevrildim.

Marta, mənim əziz xəzinəm, xoşbəxtliyimiz tamamilə məhəbbətimizdən asılıdır. Və mən sənin istədiyindən az xoşbəxtlik istəmirəm. Bunu qorxaqlıqdan yox, inamla deyirəm, çünki həmişə səninlə olmaq kimi qızğın arzumla müqayisədə bütün digər meyllərin əhəmiyyətsizliyini dərk edirəm. Sən mənim qəlbimə həm şirinsən, həm də əzizsən.

Sənə xəbər verə biləcəyim xəbər budur: Şönberq hər gün yanıma gəlir və onun vəziyyətindən tamamilə razıyam. O, qarşıdakı İtaliya səfəri ilə çox məşğuldur, çünki tezliklə qardaşı Alois qayıdır.

Anam dünən xəstələndi, soyuq dəydi, nəticədə köhnə ağciyər xəstəliyi bir az şiddətləndi. Ancaq artıq bu gün qızdırma azaldı. Pauli də xəstədir.

Dünən Dolfi ilə Pötsleynsdorfa şəhərkənarı gəzintiyə çıxdım. O, xəstələri qəbul etməyimi bitirənə kimi gözlədi. Dornbaxdan qayıtdıq.

Dolfi bacılarımdan ən sevimli, ən yaxşısıdır. Onun daxili dünyası o qədər zəngindir. Ancaq, təəssüf ki, o, həddindən artıq incə təbiətli və çox həssasdır. Biz əsasən, əlbəttə, sənin haqqında danışdıq. O, həmişə sənin can rəfiqən olacaq. Ancaq instinktiv olaraq hiss edir ki, onun mühakimələri mənə heç bir təsir göstərmir.

Marta! Məgər mümkündürmü ki, üzərində bu qədər uzun müddət baş sındırdığım arzuların həyata keçməsin? Yəqin ki, daha nəsə almaq istəyirsən, de mənə bunu. Məktubumu oxuyanda yenə sənə pul göndərəcəyəm. Sənə hədiyyələr vermək mənim üçün o qədər böyük sevincdir ki, bəzən elə gəlir ki, buna hələ layiq deyiləm... Sən mənim niyyətimi başa düşürsən, elə deyilmi?

Yeganəm, sevgilim, bu gün sənə daha çox yazmaq istəyirdim, ancaq bütün günortadan sonra Şönberq və Françeskini mənə qonaq idilər. Sonra onlarla birlikdə şam etdik. İndi isə mənə yuxu gəlir, özümü o qədər bədbəxt hiss edirəm ki, sənin şirin dodaqlarını öpmək əvəzinə, sənə yazmalıyam. Elə isə icazə ver, sənə gecən xeyrə qalsın deyim və bu günlük səninlə vidalaşım.

Səni sədaqətlə sevən Ziqmundun