1 iyun 1933 — Tsveyq Freydə
Çox hörmətli cənab professor, siz (sizə olan ehtiramımla yanaşı) vaxtınıza hörmət etdiyimi də bilirsiniz və bilirsiniz ki, mən sadəcə maraqlanan bir adamı sizin yanınıza gətirməyə cəsarət etməzdim. Amma əgər böyük ingilis Q. H. Uells ciddi surətdə gizli saxlanılan Vyana səfəri zamanı yeganə olaraq məhz sizi görməyi səmimi qəlbdən arzulayırsa, onda düşünürəm ki, deyə bilərəm: bu ziyarət sizə yalnız sevinc bəxş edərdi. Bəlkə siz ona deməyə lütf edərsiniz ki, o, nə vaxt sizi ziyarət edə bilər. Sədaqətli hörmət və sevgilə
Sizin səmimi sadiqiniz
Stefan Tsveyq