Məktub 4 — 16 iyul 1882, Teçen
Teçen, bazar günü, saat 8, 16 iyul 1882
Şirin nişanlım
Biləydin, burada nə qədər gözəl olduğunu və səninlə olub misilsiz dərəcədə daha da gözəl olacağını. Burada Elba axır — hələ təvazökar balaca bir çaydır — o, mənə sənə gedən yolu qabaqcadan cızır: sənin yanına, sənin yanına. Hündür dağlar — bir yerdə meşəli, bir yerdə çılpaq, qəribə formalarda; evciklər elə qəşəngdir ki, guya içlərində yaşamaq üçün deyil, oyuncaq qutusundakılar kimi qoyub devirmək üçündürlər; hamısı çayboyu bir sıra ilə uzanıb; bir neçə lovğa bina dağ yamaclarından aşağı baxır, guya onlara heç bir aidiyyəti yoxdur. Onlardan biri təpənin üstündə bütünlüklə təkdir; ya qəsrdir, ya monastır, ya da başqa bir şey. Bu, mənim üçün həqiqətən fərqsizdir. Solda Bodenbax durur, sağda Teçen, aralarında iki körpü: biri qatarlar, o biri isə sevgilisinin dalınca yollanan «gəzən sənətkarlar» üçün. Sonuncu körpüdə iki kreycer gömrük ödəməli oldum, amma məmnuniyyətlə ödədim; ayağımı sındırmadığıma sevinirdim. Son vaxtlar elə çox yalan danışmışam. Sənə yazmaq istədiyim qəhvəxana Bodenbaxda olmadığı üçün körpü ilə Teçenə keçdim. Burada, doğrusu, gecə saat ikigədək qalmalıyam, Hamburqa ancaq çərşənbə axşamı günortadan sonra saat iki yarımda çata bilərəm, səni hələ çərşənbə axşamı görə biləcəyimi isə bilmirəm; mən tamam qızarmışam, yaxud bişmişəm — xeyr, tam yox, yarımbişmişəm, ingilis rostbifi kimi. Amma yenə Bodenbaxa qayıdaq. Burada elə müqəddəs bazar günü sükutu hökm sürür, zənglər çalınır — doğrusu, niyə olduğunu bilmirəm —, küçələr elə təmiz, insanlar elə nəzakətlidir; qocalar elə görünür ki, Kristian Fürxteqott Gellerti mən həmişə məhz belə təsəvvür etmişəm; gənclər isə o qədər təvazökardır ki, guya bu saat özləri də Tanrıdan qorxurlar. Meydanın ortasında daşdan bir dördbucaq durur; ola bilsin, qədim sakson kralının türbəsidir, amma, şübhəsiz, deyil; nə olduğu isə məni maraqlandırmır. Bir sözlə, burada gəzib dolana bilirəm və heç kəs məndən soruşmur: barmağınızdakı üzüyü kim sizə bağışlayıb? Xeyr, o üzüyü çıxarmayacağam — Vyanadakı azadsızlığa qayıdanadək. Axı sənə danışmaq istəyirdim ki, mən mütləq bir kafeyə girmək istəyirdim. Elə bu vaxt küçədə dolğun, alüzlü bir qız gördüm və soruşdum: mənim gözəl xanımım — amma «cürətim çatarmı buna», və sairə deyil, «burada qəhvəxananın harada olduğunu deyə bilərsiniz?» — dedim. Və təsəvvür et, qəhvəxana məhz qarşısında durduğum evin özü imiş, qız da oranın ofisiantı, yaxud ev sahibinin qızı imiş. İçərisində bir neçə kreslo və stol olan otaqcıqdır; tək qonaq mənəm; qəhvəm gələnədək bir rüb əsr keçir, yanındakı şəkər də çox azdır — Martacanım mənə qəhvəyə daha çox şəkər qoymalı olacaq. Amma şirniyyat yaxşıdır — israfçı olaraq ondan iki dilim yeyirəm, biri Martacan üçün — və indi tələsməli, məktubu bağlamalıyam, yoxsa bütün pulumu bu qəhvəxanada qoymalı olaram: işıq, mürəkkəb və mebel aşınması haqqına; deməli, demək istədiyim bütün gözəl şeylər deyilməz qalacaq. Amma yarışaq görüm: Martanı əvvəl kim görəcək — mən, yoxsa bu cızma-qara? Biz eyni qatarda yola düşürük, sonra xoşbəxtlik başlayır — sevgilinin yanında olmağın uca, misilsiz xoşbəxtliyi ki, artıq o qədər yaxındır; onu tezliklə yaşamış olacağım fikrinə artıq öyrəşirəm, çünki ona inana bilmirdim və şairin oxuduğu təşvişi duymuşdum: «Dünya, məhv olma» və sair.
Amma indi sağ ol, şirin Martacan
Görüşənədək
Sənin xoşbəxt sevgilin Ziqmund