Məktublar və aforizmlər

14 aprel 1925 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 14 aprel 1925

Əziz cənab doktor!

Gözəl kitaba görə çox sağ olun! Hölderlin haqqında birinci, yəqin ki, ən ustalıqla yazılmış oçerki bir oturuşda oxudum, yalnız nəfəs dərmək və özümə gəlmək üçün bir neçə dəfə ara verdim.

Bunu bir dəfə sizə deməliyəm: siz dillə elə bir şey edə bilirsiniz ki, mənim bildiyimə görə, heç kim onu sizin kimi təkrarlaya bilmir. Siz ifadəni predmetə elə sıxmağı bacarırsınız ki, onun ən incə təfərrüatları əllə toxunula bilən olur və adama elə gəlir ki, indiyədək ümumiyyətlə sözə gətirilməmiş münasibətləri və keyfiyyətləri qavrayır. Çoxdan bəri iş üsulunuz üçün bir müqayisə tapmağa çalışıb əziyyət çəkirdim; dünən nəhayət ağlıma gəldi — epiqrafist və arxeoloq olan bir dostumun ziyarəti onu yadıma saldı. Bu, kitabədən kağız surəti götürmək üsuluna bənzəyir. Bilindiyi kimi, bu zaman daşın üstünə yaş kağız qoyulur və yumşaq material yazı səthinin ən kiçik çökəkliklərinə yapışmağa məcbur edilir. Bilmirəm, bu müqayisə sizi qane edəcəkmi.

Təqdirim daha da böyükdür, çünki sizin təsvir etdiyiniz şey üçün əslində heç bir dəqiq təsvir üsulu yoxdur və bu çatışmazlığı qavrayışın başqa sahələrindən götürülmüş ən müxtəlif müqayisələrlə aradan qaldırmaq lazımdır.

Əsas problem — demonla mübarizə barədə çox şey demək olardı, amma bunları yazmaq çox uzun çəkər. Demonla mübarizədə bizim ayıq üsulumuz ondan ibarətdir ki, onu elmin dərk edilə bilən obyekti kimi təsvir edirik.

Səmimi salamlarla

Sizin

Freyd