Məktub 15 — 9 oktyabr 1883, Vyana
Vyana,
çərşənbə axşamı, gecə
Mənim sevimli Martacanım!
İndi nə edirəm? Əvvəlkindən daha çalışqanam və daha sağlamam. Çoxlu qəzeti, qismən özüm üçün, qismən tibbi jurnal üçün, ətraflı öyrəndim. Laboratoriyada otururam, təcrübə aparıram, iş yaxşı gedir, baxmayaraq ki, hələ çoxlu çətinliyi aşmalı oluram. Saat 5-dən 11-ə qədər — demək olar ki, unutmuşdum — xəstəxana palatalarında əvəzedici həkim kimi çalışıram: öyrənməyə həvəsli, hər şeyi səylə qeyd edən, bəzən cəld hərəkət edən.
Ümumi vəziyyət, sevgilim — sərxoşluğu və yuxunu xatırladan ağır bir şeydir. Mən buna da razıyam, təki səninlə uzun ayrılığa dözə bilim.
Şəxsi istəklərim hazırda ondan ibarətdir ki, demək olar ki, bütün vaxtımı elmi fəaliyyətə və həkimlik praktikasına həsr edim. Mənim üçün gərgin iş, işlərin çoxluğu sanki səndən ayrılığın dərdini yumşaldan xüsusi narkoz kimidir. Elmin dünyasına dalarkən kədərli reallıqdan uzaqlaşıram. Və bilirsən, məhz maraqlı işdə güclü incikliyimdən və əsəbiliyimdən qurtuluş tapıram. İndi beləyəm. Mənə elə gəlir ki, dünya həyatının dalğaları qapılarımı döymür. Bəzən şirin xəyalları qətiyyətlə özümdən qovuram, sanki rahib olmuşam və məni monastır hücrəsinə bir şeffel taxıl axtarmağa göndəriblər.
Beynimdə hər şey möcüzəli şəkildə yerləşir, ayrı-ayrı bölmələrdəki kimi: faktlar, nəzəriyyələr, diaqnozlar, düsturlar. Bütün tibb təbii şəkildə, rəvan və sərbəst başıma daxil olur. Orada bakteriyalar yaşayır, rənglərini dəyişir: ya yaşıl, ya göy; orada xolera ilə mübarizə üzrə xəyali elmi simpoziumlar keçir; beynimdə doğulan bu məsləhət və təkliflər, ehtimal ki, heç bir işə yaramayacaq, ancaq indi hamısından ucadan həyəcan səslənir: vərəm! O, yoluxucudurmu, yoxsa sonradan əldə olunub, meydana gəlmə səbəbləri nədir, Berlində cənab Kox doğrudurmu, deyəndə ki, laboratoriya şəraitində yaradıla bilən vərəm çöplərini kəşf edib.
Yuxu, xəyallar yox olur, həyat mənim hücrəmə daxil olur, səndən məktub gələndə. Onda mürəkkəb məsələlər yox olur, başa düşülməyən xəstəlik tarixçələri solğunlaşır, sonra, sanki sehrlə, elmin hazırkı vəziyyətinə uyğun adlandırılan boş nəzəriyyələr uçub gedir. Onda dünya belə isti, belə şad, belə başa düşülən olur. Mənim füsunkar sevgilimin kabuslar və himeralarla heç bir əlaqəsi yoxdur. Onun varlığını hər hansı kimyəvi reagent ilə deyil, başqa üsulla qavrayıram. O, sevgilim, xoşbəxtliyimdir və xəstəliklərlə heç bir əlaqəsi yoxdur. Ümid edirəm, tamamilə sağlamsan. Bunu məndə həkim danışır, onun üçün insanın mənəvi və fiziki sağlamlığı hər vaxt lazımdır.
O, Marta, nə qədər rahat olardı, əgər hər bir insan öz həyat təcrübəsini müəyyən düsturların və tövsiyələrin toplusu şəklində ifadə edə bilsəydi. Ancaq insan gündüzün bir müddətində, sutka ərzində azı 11 saat həyat təəssüratlarını yığıb ümumiləşdirməsə, insan olmağı davam etdirə bilmir. Və onda — hər gün yenidən yeni həyata başlayırıq. Və buna görə də yeni həyat təcrübəsi qazanırıq.
Sabah yenə sənə yazacağam, əzizim. Sağlam ol. Bir azca daha şad ol.
Sənin sadiq Ziqmundun.