Məktublar və aforizmlər

Məktub 52 — 6 may 1886, Vyana

Vyana,

çərşənbə axşamı

Mənim əziz qızım!

Şirin məktubuna və əvvəlcədən xəbər verdiyin bağlamaya görə ürəkdən təşəkkür edirəm. Onun məzmununu elə əminliklə bilirdim ki, sanki özüm alış-verişdə iştirak etmişdim. Sən bilirsən ki, mən həmişə nəyə sahib olmaq istəmişəm, mən də bilirəm ki, sən bunu bilirsən. Baxmayaraq ki, sən hədiyyəni əsaslandırırsan, əzizim, amma bu, artıqdır. Çox utanıram ki, sənə hədiyyələr etmək əvəzinə sənin borclun oldum!

Mən artıq yetkin yaşdayam. Bizim nişanımızın dördüncü ili gedir, biz isə bu günədək dəqiq bilmirik ki, bizim o qədər tez-tez xəyal etdiyimiz arzuolunan hadisə nə vaxt həyata keçəcək. Lakin məqsəddən nə qədər uzaqlaşsaq da, yenə də əminliyimizi itirməmişik.

Bir neçə həftədən sonra pullarım bitəcək (mən belə vəziyyətdən artıq bir neçə dəfə çıxmışam) və hələ məlum deyil, Vyanada qala biləcəyəmmi. Çox ümid etmək istəyirəm ki, yaxın ad günü sənin təsvir etdiyin kimi olacaq, sən məni öpüclərlə oyadacaqsan və mən artıq səndən məktub gözləməyəcəyəm. Bunun harada baş verəcəyi mənim üçün tamamilə fərq etməzdi — Avstraliyada və ya başqa bir yerdə. Lakin mən artıq sənsiz yaşaya bilmirəm. Mən çoxlu qayğıya dözə, bütün çətinliklərə tab gətirə bilərəm, əgər tək olmasam. Açıq danışsam, Vyanada qalmaq ümidim çox azdır.

Axşam sənə yazmağa davam edirəm, xəzinəm. Kabinetimdə Breyerdən iki köhnə xəstə var və daha heç kim yoxdur. Mən özümə qayda qoymuşam: kabinetdə beş nəfər qəbul etmək. Üstəlik, ikisini elektromüalicəyə, birini mütləq pulsuz — hansısa avaranı.

…Evdə mənim ad günümü çox səmimi qeyd etdilər. Pauli və Dolfi məni öpdülər və gözəl gül dəstəsi hədiyyə etdilər, ana isə sevimli şirin peçenyemi hazırladı. Roza yazı masası üçün gözəl kağız çərçivələr hədiyyə etdi, Minna isə — böyük tablo. Vilensdən, Şandan, Kinenbergerdən və Elias əmidən yazılı təbriklər aldım. Evdə məni kral kimi qarşıladılar. Mən hamıya diqqətə görə çox minnətdaram, elə ki, hətta bir az da yorulmuşam və indi yatmağa gedirəm.

Laboratoriyada iş mənə çox həzz bəxş edir. Doğrudan, vaxt çatmır. Lakin məndə bir müalicə fikri yarandı; onu yaxın zamanda həyata keçirmək lazımdır. Ancaq aydın deyil ki, o, «Koka» jurnalında yazdığım həmin fikir qədər məhsuldar olub-olmayacaq.

Gecən xeyrə qalsın, qızım.

Sənin Ziqmundun.

Anaya və Minnaya sabah xüsusi olaraq yazacağam.