Məktublar və aforizmlər

7 dekabr 1929 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 7 dekabr 1929

Çox hörmətli cənab doktor!

Əlbəttə, hadisəni necə qəbul etdiyim barədə yanılmamısınız. Sui-istifadə o fırıldaqçıya çox oxşayır, xəyanət isə sizə heç oxşamır. Hər halda, ehtiyatlı olmaq barədə özünüzə verdiyiniz xəbərdarlığı vurğulayıram. Amerikanın amansız reklam üsulları Avropaya soxulandan bəri öz sözlərində nə qədər təmkinli olsan, yenə azdır. Sizə aid edilən və bu gün afişa sütunundan köçürdüyüm sözlər belədir: «Fövqəladə dərəcədə mühüm. Fr.-ə yanaşmağa çalışanların əksəriyyətindən xeyli dərindən görülmüş və daha sirli ilkin əsaslar aşkara çıxarılmışdır».

Yeni kitabınızda mənə ayrılmış yer barədə yazdıqlarınız, əlbəttə, mənim üçün M.-in məruzəsindən daha maraqlıdır. Sizi niyyətinizdən döndərmək mənə çətin ki nəsib olsun, ona görə də ona kömək etməkdən başqa yol qalmır. Nəşriyyatımızın müdiri A. Storfer «arxiv»ində «müasirlərin» sözlərindən ibarət xəzinələr toplayıb və onları, əlbəttə, sizin ixtiyarınıza verəcək. Müstəqilliyinizə təsir göstərmək cəhdindən heç qorxmayın. Yalnız Vyananın rəsmi dairələrinin xeyrinə bir söz demək istərdim ki, bu, Mesmerlə bənzətməyə ziddir. Sadəcə mənimlə maraqlanmadılar və bu, yaxşı oldu. Psixiatriya, hətta psixoanaliz professorluğu ilə nə edərdim? O, ancaq mane olardı, ya da yararsız olardı. Pis davrananlar, əslində, mənim sözdə dönük şagirdlərim — Yunq, Adler və Stekel olub, Heynenin dediyi kimi, «insani cəhətdən bayağı».

Səmimi sizin

Freyd