Məktublar və aforizmlər

Məktub 8 — 25 sentyabr 1882, Vyana

Vyana

Mənim sevimli Martacanım!

Sənin cavabını gözləmədən özümdən və işlərimdən xəbər verməyə tələsirəm. Doğrusunu desəm, səninlə şəxsi ünsiyyəti çox itirirəm. Tamamilə səmimi, hətta etibarlı olmaq istəyirəm; məncə, bu, taleyini birləşdirmək qərarına gəlmiş, bir-birinə əl və ürək vermiş insanlar arasında çox təbiidir. Bununla belə etiraf edirəm, cavab almadan yazmağa xüsusi bir istəyim yoxdur. Əgər sən məktublarda dialoqumuzu dəstəkləməyəcəksənsə, bəlkə də yazışmanı büsbütün kəsəcəyəm. Axı hələlik — ayrılıqda sevgilimə ünvanlanmış təkcə mənim monoloqlarımdır. Bu monoloqların dəstəyə və daimi inkişafa ehtiyacı var; əks halda, mənfi duyğular yığıldıqca münasibətlərimiz haqqında yalançı təsəvvür yarana bilər. Qarşılıqlılıq — dostluğumuzun və məhəbbətimizin təminatıdır.

Mən həmişə çox mehriban olmuram, tez-tez ciddi və səmimi oluram, dostlar arasında olmalı olduğu kimi. Əminəm ki, səmimiyyət olmadan dostluq düşünülə bilməz. Yenə də ümid edirəm ki, sən bu saat ətrafını sarıyan adamlar arasında mənim yoxluğumu hiss edirsən. Yer üzündə ən böyük dəyəri sən olan adamın yoxluğunu. İnan ki, bunu öz xidmətim hesab etmirəm. Ancaq başa düşürəm ki, sənin şəxsiyyətinə münasibətim, sənə münasibətim heç düşünmədən səninlə sevimli oyuncaq kimi əylənəcək adamlarınkından çox fərqlidir. Onlar üçün belə seçim çox asan və arzuolunandır.

Mənim əzizim, yaxşım, xahiş edirəm, fikirləşmə ki, səni qınamaq mənə həzz verir. Xeyr, mən sadəcə hesab edirəm ki, aramızda heç bir gizli söz və inciklik olmamalıdır. Sən axı əla başa düşürsən: taleyimizi bir-birinə bağlamaq qərarına gəldiyimiz andan etibarən hər ikimiz keçmişdəkindən başqa adam olmalıyıq, yəni bir-birimizin maraqları və qayğıları ilə yaşamalıyıq. İcazə ver deyim ki, qocalıqda da heç nə sevdiyim qızın bu günkü obrazını əvəz edə bilməyəcək. Axırda kədərlənib ağlasan, çox kədərlənərəm. Xeyr, sən çalış özünü mənim yerimə qoy. Bəs birdən mən də inciklikdən ağlasam?

Evlilik — çətin vəzifədir. Onu həll etmək üçün hər ikimiz bir-birimizi möhkəm dəstəkləməli, lazım gəldikdə bir-birimizin xətalarını düzəltməliyik. Təkcə qızğın məhəbbət etirafları kömək etməyəcək. Mənim təsəvvürümdə ailə həyatı o zaman düşünülə bilməz ki, biri öz dərdlərini digərindən gizlətsin, işlərin real vəziyyətini gizlətsin. Bir yerdə yaşamaq — hər işdə bir-birinə kömək etmək, həm sevinci, həm bəlanı bölüşməkdir.

Mənə elə gəlir ki, qızlar adətən kişilərlə dostluq ünsiyyətindən təkcə fasiləsiz həzzlər gözləyir, hətta tələb edir. Siz, qızlar, çox vaxt tam razı qalırsınız, əgər yalnız zahirən nəzakət qaydalarına riayət olunub biri haqqında təxminən belə demək olarsa: «O (yaxud o) bu gün elə mehriban və səmimidir».

Avqustda xəstələndiyim və Eli məni ziyarət etdiyi zaman o, məzəmmətlə soruşdu ki, ağır xəstə olduğum halda qohumlara yük olmamaq üçün niyə xəstəxanaya yatmadım. Sevgilim, bizim münasibətlərimizdə belə əhval-ruhiyyə olmamalıdır. Heç bir halda bir-birimizə yük olmamalıyıq. Səninlə sakit, işıqlı saatlar keçirməyi, səni diqqət və qayğı ilə əhatə etməyi arzulayıram və qarşılıq olacağına ümid edirəm. İstəyirəm ki, hər ikimiz həmişə bir-birimizi sevək, yaxın adamlar arasında mümkün olan qədər bir-birimizin vərdişlərinə və zövqlərinə hörmət edək. Ümid edirəm, buna nail olacağam.

Açıq söyləyim, bir dəfə sən məni dərindən əzablandırdın. Xatırlayırsan, Frits ilə dostluq, daha doğrusu, Frits üçün məni qurban vermək qərarına gəldiyin hadisəni? Mən hamısına dözdüm və nəhayət sən xətanı başa düşdün. Doğrudur, o anda öz müstəqilliyini təsdiqləməyə göstərdiyin israrlı meyli qiymətləndirə bilmədim. Sən mənə bunu açıq söylədin və sanki mənə hər bir qərarını heç də son və dönməz saymamaq haqqı verdin.

Bizə bir-birimizə inam çox lazımdır. Sevgili həm də dost olduqda, bu, onun yalnız şərəfini artırır. Məsələn, mən səndə dostu deyil, yalnız sevgilini görmək istəsəm, bu, bizim üçün dəhşətli itki olardı. Belə halda münasibətlərimizin məzmunu xeyli kasadlaşardı. İnsan münasibətlərində yalnız heç bir bəzək və gizlətmə olmayan həqiqət gözəldir.

Sənə əlimi verirəm, onu ürəkdən gələn arzu və inamla təqdim edirəm və mənimlə də elə davran.