Məktublar və aforizmlər

29 noyabr 1931 — Tsveyq Freydə

29 XI 1931

Çox hörmətli cənab professor, həm sevindirici, həm utancvericidir ki, siz — hər dəqiqəsi vacib olan, məsuliyyətli işlə məşğul adam — qayğı ilə məni xatırlayırsınız. Həyatımın hədiyyəsi (nailiyyəti deyil) saydığım şey ondan ibarət idi ki, həmişə əsl dəyərləri hiss edim və sonra qabiliyyətimin sərhədləri içində onları tanıyım: sizin əsərinizlə daxili görüş məhz bu xoşbəxt hallardandır. Bilirsiniz ki, çəkdiyim portretinizdən tam razı deyiləm; razıyamsa, yalnız o mənada ki, o, hər halda nailiyyətinizə dair sonrakı hər mülahizəni müəyyən ehtiram sferasına qoymağa, sadəcə tənqidi baxış əvəzinə yuxarıya baxmağı tələb etməyə kömək etmişdir — bu mənada sevinirəm ki, tədqiqatım növbəti həftələrdə eyni vaxtda Fransada, İngiltərədə, Amerikada və İtaliyada çıxır, Norveçdə isə artıq daha əvvəl çıxıb: rus dilinə də indi tərcümə olunur. Bəlkə daha bir dəfə başlayaram və o zamandan bəri mənə aydın olmuş çox şeyi deyərəm — bəlkə də işimin mənası həvəsləndirmək və sonrakı tədqiqatlar tələb etməkdir: esseim ucbatından elə indi Beyker-Eddi haqqında başqalarının yazdığı üç pyes mənim vicdanımdadır, iki adam isə indi Mesmerin əsaslı bioqrafiyasını yazmağa başlayır. Bəlkə işim kimisə sizin haqqınızda həlledici kitabı yazmağa həvəsləndirər — həqiqətən vaxtıdır. Həmişə sevgi və hörmətlə sizin sadiqiniz

Stefan Tsveyq