Məktublar və aforizmlər

8 sentyabr 1926 — Tsveyq Freydə

8 sentyabr 1926

Çox hörmətli cənab professor!

Mənəvi əsərinizdən başqa siz daha bir böyük sənəti də heyrətamiz şəkildə icra edirsiniz: xeyirxahlıqla utandırmaq! Yalnız mənə söylədiyiniz sözlər deyil, insanların və problemlərin əhatəsində, onların təzyiqi altında olduğunuz halda, istirahət vaxtınızda sizə sonsuz dərəcədə çox şey borclu olan bir əsərə bu qədər dərindən nəzər salmağa vaxt ayırmağınızın özü məni həqiqətən çaşdırıb — dünən qələmi əlimə belə ala bilmədim.

İcazə verin bir dəfə aydın deyim ki, mən və bir çoxları sizə nəyə görə minnətdarıq — psixologiyada cəsarətə görə. Siz saysız-hesabsız ayrı-ayrı insanlardan olduğu kimi, bütün bir dövrün ədəbiyyatından da ləngimələri götürdünüz. Sizin sayənizdə çox şey görürük — sizin sayənizdə, əks halda görülməyəcək və deyilməyəcək çox şey deyirik. Bütün bunlar hələ bu gün aydın deyil, çünki ədəbiyyatımıza hələ tarixi baxımdan, öz səbəbiyyət formaları içində baxılmır — daha bir onillik, yaxud iki, o zaman anlaşılacaq ki, birdən-birə Fransada Prusta, İngiltərədə Lourensə və Coysa, bəzi almanlara başqa bir psixoloji cəsarət verən əlaqə harada idi. Sizin adınız olacaq. Və biz bu böyük yolaçanı heç vaxt inkar etməyəcəyik.

Mənim üçün psixologiya (bunu sizdən yaxşı anlaya bilən başqa biri yoxdur) bu gün həqiqətən həyatımın ehtirasıdır. Və mən bir dəfə, kifayət qədər yetişəndə, onu ən çətin obyekt üzərində — özüm üzərində — tətbiq etmək istərdim. Freydsonrası dövrün avtobioqrafiyası da əvvəlkilərdən daha aydın və daha cəsarətli ola bilər. Bu baxımdan mən hazırda Tolstoyu öyrənirəm — o, hər gün özünü cəsarətli və doğruçu olmağa sövq edir. Amma o, həqiqətən aydın həqiqətlərdən yayınır. Bu günə qədər hələ heç kim ona ciddi şəkildə yaxından girişməyib və mənim buna çox həvəsim var. Yeni müəlliflərdən Hans Yaqer «Xristianiya bohemi» və «Xəstə sevgi» əsərlərində cəsarətli idi (kifayət qədər idrak olmadan). Deyilənə görə, Frank Harrisin artıq əlçatmaz olan kitabı da belədir. Amma məncə, yaradıcılıq baxımından zəif vaxtımız biliklər və sənədlər qoyub gedəcək: buna cəsarəti siz ona bəxş etdiniz.

Sağlamlığınızın sabit, əsərinizin böyüməkdə olmasını istəməkdən daha dərin arzum yoxdur: siz hələ də ruh uğrunda gedən görünməz mübarizədə həlledici simasınız. Hələ də ruhi həyatın mexanikasını bizə yaradıcılıqla izah edən yeganə şəxs sizsiniz. Biz sizə fəaliyyət göstərən adam kimi hər zamankindən daha çox ehtiyac duyuruq.

Sevgi, minnətdarlıq və hörmətlə

Sizin sadiqiniz

Stefan Tsveyq