Məktublar və aforizmlər

10 iyun 1938 — Freyd Tsveyqə

39, Elsuorti Roud

London N.W.3

Əziz cənab doktor!

Bu ilk günlərdə təəssüratların, tələblərin və vəzifələrin nə qədər böyük bolluğu! Əsasən dostların, pərəstişkarların və tanışların ürəyə yaxın salamları və təbrikləri, amma yaxşı yarısı da yalnız rəğbət və sevinc ifadə etmək istəyən və qarşılığında heç nə tələb etməyən tanımadığım insanlardandır! Bütün bunlar, əlbəttə, axmaqlıq ilə ədvalanmışdır — risalələr və incillər göndərirlər, avtoqraf istəyirlər, qəzet müsahibəsi verməyi xahiş edirlər, yaxşı haqq ödəməyi vəd edərək əsərlər sifariş edirlər. Hətta tibbi məsləhətlərə də dəvət edirlər, doğrudur, nadir hallarda; həkimlik sənətimlə burada, görünür, güzəranımı təmin edə bilməyəcəyəm.

Sizin sevimli məktubunuz ilk sıralarda gəldi. Doğrudur, mən çox yorğunam, amma bu, yalnız fiziki vəziyyətə aiddir — mənim ürəyim indi bir az daha yumşaq rejim tələb edir. Ancaq bu məktub mənim üçün həddən artıq əzizdir və mən London haqqında düşünərkən həftələrlə səbirsizliklə gözlədiyim həzzdən — sizi görmək və sizinlə danışmaqdan — özümü bundan sonra da məhrum etmək üçün heç bir əsas görmürəm. Mən demək olar ki, həmişə evdəyəm və, əgər siz yaxın zamanda Primrouz 2940 nömrəsinə zəng etsəniz,

gəlişinizin vaxtını asanlıqla müəyyən etmək olar.

Deməli, tez görüşmək ümidi ilə!

Bütün qəlbimlə sizin

Freyd