Məktublar və aforizmlər

20 oktyabr 1932 — Freyd Tsveyqə

Vyana, IX, Berqqasse, 19

Əziz cənab doktor!

Sizin səxavətiniz sayəsində mən artıq kitablarınızın, insanların və talelərin təsvirlərinin demək olar ki, hamısını oxudum və qeyd etmək istəyinə qapılıram ki, onların heç biri mənə — sizin ifadənizlə — bəxtsiz, xırda miqyaslı və taleyin çox incitdiyi Mariya Antuanetta haqqındakı bu son kitab qədər inandırıcı, insanca valehedici, ehtimal ki, o çətin qavranan və yenə də əvəzedilməz tarixi həqiqətə bu qədər uyğun görünmədi. Həm tam yetkin, məlum patetik ifratdan azad olmuş dil, həm də təsvirin sadə və ən zəruri olanla məhdudlaşdırılması ustadı göstərir.

Təbii ki, materialın məni xüsusilə maraqlandıran hissəsi psixoanalitikin işini gördüyünüz yerdir. Mən qadının evliliyi və anaya qarşı insest ittihamı haqqında hekayəti nəzərdə tuturam. Bu, əlbəttə, sizin təsvir etdiyiniz kimi baş vermişdir. Bu insani zəifliklərlə maraqlanmağa icazə verildiyi vaxtdan bəri insan həyatı, əlbəttə, bir az daha anlaşıqlı olmuşdur. Guya ən xırda olanla danılmaz dərəcədə böyük, ən azı ən gurultulu, ən gözəçarpan olan arasındakı, tarixçilər üçün də qaranlıq qalan bağlılığı siz burada Serbiyalı Aleksandrınkı kimi əmin baxışla əhatə etdiniz.

Bilirsinizmi ki, anasını (və bibisini) yoldan çıxarmaqda ittiham edən kral yaramazına dair analiziniz tamamilə etibarlıdır? Tamamilə eyni şeyi indi, sanki proqram üzrə, tədqiq etdiyimiz bütün nevrotiklər edir. Onlar öz infantil onanizmləri faktının üzərində yoldan çıxarılma xəyalı qururlar və əsl inadkarlıqla yoldan çıxaran kimi məhz qadağan olunmuş həzzə görə onları ya cəzalandırmış, ya da danlamış şəxsləri seçirlər. Bu halda aldatmanın arxasında həqiqət payı gizlənir, axı genital oyanmaya ilk səbəbi adətən körpəyə gigiyenik qulluq zamanı zəruri manipulyasiyalar verir və dayənin şəxsiyyəti sonralar onun anası olmasa belə, anası ilə qaynayıb-qarışır. Ancaq bizim xəstələrimiz bizə bu şüursuz qalmış xəyalları yalnız analiz təzyiqi altında açırlar. Əgər bu xəyallar əslində düşünülmüş ittihamlar kimi şüura keçirsə, bu, psixi quruluşun təhlükəli dərəcədə hermetik olmaması ilə izah olunur. Dofinin halında onu korlayan və anaya düşmən olan mühit bunu, şübhəsiz, asanlaşdırmışdır, amma reallığı xəyallarla əvəz etmək meyli əvvəldən ana tərəfindən qeyd edilmişdir.

Sizi səmimi qəlblə salamlayıram

Sizin Freyd