29 fevral 1912 — Freyd Yunqa — Pfister, assosiasiya və libido məqaləsi barədə
Əziz dost,
29 fevral 1912, Vyana, IX, Berqqasse 19
Pfisterin işlərinin yaxşı olmadığını eşitmək məni təəccübləndirdi. Sizinkindən bir az əvvəl gələn son məktubunda o, nəhayət, nikahın çətinliklərinə dözməyə dəyər bir qadın tapdığına görə son dərəcə sevincli idi; heç nə pis görünmürdü. O vaxtdan ondan xəbər almadım. Əgər çətinlik içindedirsə, ona kömək etmək üçün əlimizdən gələni etməliyik.
Yuxu təcrübələri haqqında ilkin hesabat Zentralblattda çıxacaq, amma növbəti bir neçə sayında deyil. Tələbə mühazirəniz və yeni qeyri-peşəkar təşkilat haqqında xəbəriniz son dərəcə sevindiricidir; mənim təklif edəcəyim buna bənzər bir şey yoxdur.
Yazışmamıza laqeyd yanaşma meylinizdən narazılığım barədə dedikləriniz daha ətraflı psixoanalitik izah tələb edir. Şübhəsiz ki, mən tələbkar bir həmsöhbət idim, həm də inkar edə bilmərəm ki, məktublarınızı böyük səbirsizliklə gözləyir və onlara dərhal cavab verirdim. Əvvəlki tərəddüd əlamətlərinizi nəzərə almamışdım. Bu dəfə mənə daha ciddi göründü; it dişləməsindən sonra sağlamlığınızın vəziyyəti barədə məlumat verməkdən imtinanız və C epizodu şübhəmi oyatdı. Özümü ələ aldım və artıq libidomu tez bir zamanda söndürdüm. Bunu etdiyimə görə təəssüfləndim, amma bunu nə qədər tez bacardığımı görüb sevindim. O vaxtdan bəri tələbkarlığım qalmayıb və məndən qorxmaq lazım deyil. Bildiyimiz kimi, məsuliyyətsizlik dərinlik psixologiyası ilə uyğun gələn anlayış deyil.
Amma işiniz üçün lazım olan libidonu Assosiasiyadan çəksəniz, bu, hamımız üçün ağır zərbə olardı. Məndə belə təəssürat var ki, təşkilat hazırda düzgün fəaliyyət göstərmir. Qruplar bir-birindən xəbərsizdir, aralarında əlaqə yoxdur. Səbəb odur ki, bu cür əlaqəni təşviq etmək üçün nəzərdə tutulan orqan — Bülleten — heç nə etmir. Konqresdən bəri o, yalnız bir dəfə çıxıb və Zentralblatt bir ay əvvəldən çapa geddiyi üçün növbəti Bülleten ən tez apreldə çıxa bilər. Hər ay o, yerli qrupların fəaliyyəti və prezidentin mesajı haqqında hesabatlar təqdim etməli; dünyada psixoanalizin taleyi barədə məlumat verməlidir.
Burada mənə deyirlər ki, Riklin məktublara cavab vermir və əlyazmaların alındığını təsdiqləmir. Assosiasiya daxilində bağ Zentralblattı almaqdan ibarət daralıb. Halbuki biz təşkilatı zəruri hesab edirdik. Onu yaratmaq üçün fədakarlıqlar etdik və insanları uzaqlaşdırdıq. Assosiasiyanı yaradarkən və burada Adleri sədr təklif edərkən planlaşdırdığım dərəcədə psixoanalizin gündəlik qayğılarından uzaqlaşa bilmirəm. Amma məni bu gün deyil, gələcək daha çox narahat edir; mən bütün lazımi hazırlıqları görməkdə qərarlıyam ki, vaxt gələndə hər şeyi Sizin əlinizdə təhlükəsiz görüm.
Həm də xatırlatmaq istərdim ki, son Konqresdə növbəti konqres üçün ilin əvvəlində tədbirlər görməyi öhdəsinə götürmüşdünüz. Şəxsən mən bu il onun təxirə salınmasına etiraz etmərəm; bu, sentyabrda məni azad edərdi. Amma əlbəttə ki, keçirilərsə, iştirak edəcəyəm.
Mən xırda şeylər üzərində kifayət qədər çox işləmişəm, məsələn, Zentralblatt üçün dörd məqalə; onlardan ikisini hələ almamısınız. Tezliklə bitirməyi gözlədiyim Imago üçün Tabu haqqında məqalə, məncə, daha əhəmiyyətlidir. Jurnalın özü iki həftədən bir az çox müddətdə intrauterin mərhələdən çıxacaq.
Libido məqalənizə olan dərin marağımı Sizə təsdiq edim. Səmimi salamlarla,
Həmişə Sizin, Freyd