Freyd–Yunq məktubları

27 oktyabr 1906 — Freyd Yunqa — yeni analiz və cinsəllik nəzəriyyəsi barədə

Hörmətli həmkar,

27 oktyabr 1906, Vyana, IX. Berqqasse 19

Yeni analizə görə çox sağ olun. Siz, şübhəsiz ki, həddindən artıq ehtiyatlılıq göstərmədiniz və «transfer» — bütün prosesin əsasında duran həvəsin cinsi xarakter daşıdığının başlıca sübutu — Sizə çox aydın görünmüşdür. Tənqidə gəldikdə isə, gəlin gözləyək, tənqidçilər özləri müəyyən təcrübə qazanana qədər ona hər hansı əhəmiyyət verməyək.

Digər əsas həvəsə bərabər əhəmiyyət verməyə nəzəri etirazım yoxdur, kaş ki o, psixonevrozlarda özünü şübhəsiz şəkildə büruzə verəydi. Histeriyada və məcburiyyət nevrozunda ondan gördüyümüz şey asanlıqla aralarındakı anastomozlarla, yəni qida həvəsinin cinsi komponentinin zədələnməsi ilə izah oluna bilər. Lakin etiraf edirəm ki, bunlar hələ də hərtərəfli araşdırma tələb edən düyünlü məsələlərdir. Hazırda mən özümü göz qabağında olanı — yəni cinsəlliyin rolunu — göstərməklə kifayətlənirəm. Ola bilər ki, sonralar histeriyada və məcburiyyət nevrozunda tapa bilmədiyimizi başqa yerdə — melanxoliyada və ya psixozlarda tapaq.

Rusiyalı qızınızın tələbə olduğunu eşitməyə şadam; təhsilsiz şəxslər hazırda məqsədlərimiz üçün həddindən artıq əlçatmazdır. Defekasiya hekayəsi gözəldir və çoxsaylı analogiyaları xatırladır. Bəlkə də «Cinsəllik nəzəriyyəsi»ndəki iddiamı xatırlayırsınız ki, hətta körpələr nəcisin saxlanmasından həzz alırlar. Üçüncü-dördüncü il sonralar patogen olanlara aid olan cinsi fəaliyyətlər üçün ən əhəmiyyətli dövrdür (ibid.). Qardaşının döyüldüyünü görmək birinci-ikinci ildən bir yaddaş izi və ya həmin dövrə köçürülmüş bir fantaziya oyadır. Körpələrin onları daşıyanların əllərini çirkləndirməsi qeyri-adi deyil. Nə üçün bu onun halında baş verməsin? Və bu, onun körpəliyi dövründə atasının nəvazişlərinin yaddaşını oyadır. Libidonun uşaqlıqda ataya fiksasiyası — tipik obyekt seçimi; anal autoerotizm. Onun tutduğu mövqe komponentlərinə ayrıla bilər, çünki görünür ona hələ başqa amillər də əlavə olunub. Hansı amillər? Simptomlardan və hətta xarakterdən anal həyəcanın motivasiya kimi tanınması mümkün olmalıdır. Belə insanlar tez-tez xarakter xüsusiyyətlərinin tipik birləşmələrini göstərirlər. Onlar son dərəcə səliqəli, xəsis və inadkardırlar — bu xüsusiyyətlər bir növ anal erotizmin sublimasiyalarıdır. Sıxışdırılmış perversiyaya əsaslanan bu kimi hallar çox qənaətbəxş şəkildə analiz edilə bilər. Görürsünüz ki, məni heç də darıxdırmadınız. Məktublarınızdan məmnunam.

Ən səmimi salamlar, Sizin, Dr. Freyd