18 dekabr 1912 — Yunq Freydə — müəllim-şagird münasibətləri və qarşılıqlı tənqid barədə
Hörmətli professor Freyd,
1003 Seestrasse, Küsnaxt-Sürix, 18 dekabr 1912
Sizə bir neçə sözü ciddi deməyə icazə verərsinizmi? Sizə qarşı hisslərimin ikili olduğunu etiraf edirəm, amma vəziyyətə dürüst və tamamilə açıq baxmağa meylliyəm. Sözümə şübhə edirsinizsə, bu Sizin üçün daha pis. Lakin qeyd etmək istərdim ki, şagirdlərinizə xəstə kimi yanaşma texnikanız kobud səhvdir. Bu yolla ya qul oğullar, ya da həyasız küçük itlər yetişdirirsiniz (Adler, Stekel və indi Vyanada özlərini göstərən bütün həyasız dəstə). Kiçik hiylənizi görəcək qədər obyektivəm? Ətrafınızdakı bütün simptomatik hərəkətləri iyləyib tapırsınız, beləliklə hər kəsi qüsurlarının mövcudluğunu utanaraq etiraf edən oğul və qızlar səviyyəsinə endirirsiniz. Bu arada Siz ata kimi zirvədə qalır, rahat oturursunuz. Yaltaqlıqdan heç kim peyğəmbərin saqqalından yapışmağa və bir dəfə soruşmağa cəsarət etmir: özünü deyil, analitiki analiz etməyə meyilli bir xəstəyə nə deyərdiniz? Şübhəsiz ki, ondan soruşardınız: «Nevroz kimdədir?»
Görürsünüz, əziz professor, bu şeyləri ortaya qoyduğunuz müddətcə mən öz simptomatik hərəkətlərimə zərrə qədər əhəmiyyət vermirəm; qardaşım Freydin gözündəki nəhəng tiri ilə müqayisədə onlar heçliyə çevrilir. Mən heç də nevrotik deyiləm — nəzər dəyməsin! lege artis et tout humblement (sənət qaydalarına uyğun və tam təvazökarlıqla) analizə tabe olmuşam və bundan xeyli faydalanmışam. Əlbəttə, bilirsiniz ki, xəstə özünü analiz etməklə nə qədər irəli gedir: nevrozundan qurtulmur — tıpkı Sizin kimi. Əgər bir gün komplekslərinizdən tamamilə qurtulsanız, oğullarınıza ata rolunu oynamağı dayandırsanız və daim onların zəif yerlərini hədəf almaq əvəzinə bir dəfə öz zəif yerlərinizə baxsanız, o zaman mən də özümü düzəldəcəyəm və Sizin barədə ikili fikirdə olmaq qüsurunu bir zərbə ilə kökündən çıxaracağam. Nevrotikləri kifayət qədər sevirsinizmi ki, həmişə özünüzlə bir olasınız? Amma bəlkə nevrotiklərə nifrət edirsiniz. Bu halda xəstələrinizə mülayim və məhəbbətlə yanaşmaq səylərinizin bir qədər qarışıq hisslərlə müşayiət olunmamasını necə gözləyə bilərsiniz? Adler və Stekel kiçik hiylələrinizə aldanıb uşaq kimi həyasızlıqla reaksiya verdilər. Mən açıq şəkildə öz fikirlərimi saxlayaraq Sizin tərəfinizdə durmağa davam edəcəyəm, amma özəl olaraq məktublarımda Sizin barədə həqiqətən nə düşündüyümü deməyə başlayacağam. Bu yolu yeganə layiqli yol hesab edirəm.
Şübhəsiz ki, dostluğun bu qəribə nişanəsi Sizi qəzəbləndirəcək, amma buna baxmayaraq Sizə xeyir verə bilər.
Ən yaxşı arzularla,
Ən səmimi hörmətlə, Yunq
1 Əlyazma: Truc (fransızca). 2 Çap vərəqi. 1.